Budapeştdə Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

17 fevral 2023, 17:27
A+ A-
Budapeştdə Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.

İclasdan əvvəl Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun görüşü olub. Həmsədrlər ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini, Komissiyanın iclasının gündəliyini nəzərdən keçiriblər. 

Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən iclasda S.Babayev  Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini  bildirib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 29-da Macarıstana rəsmi səfər etməsinin,  səfər zamanı Macarıstan Prezidenti xanım Katalin Novak, Macarıstanın Baş naziri Viktor Orbanla görüşlərinin, Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasının iki ölkənin əlaqələrinin ən yüksək səviyyəyə qalxmasını təmin etdiyi vurğulanıb.

Birgə Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığı qeyd edilib. Azərbaycanda macar şirkətlərinin uğurlu fəaliyyəti, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərində Macarıstan şirkətlərinin iştirak etməyə maraq göstərmələrinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.

P.Siyarto ölkəsinin strateji tərəfdaş olan Azərbaycanla əlaqələrinin daim inkişaf etməkdə olmasından və zaman keçdikcə bu əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. 

Azərbaycan və Macarıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda əlaqələrimizin dost münasibətləri əsasında ildən-ilə gücləndiyi, ölkələrimiz arasında ticarət dövriyyəsinin 2021-ci illə müqayisədə 2022-ci ildə 34,81 faiz artdığı qeyd olunub. İki ölkə arasında enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və s. sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb. 

İkitərəfli və tranzit yük axınlarının artırılması imkanları, qarşılıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib. Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin, hər iki ölkədə keçirilən biznes forumların, işgüzar görüşlərin əhəmiyyəti vurğulanıb. 

S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. 

Komissiyanın həmsədrləri brifinq keçirərək Komissiyanın bu iclasının və müzakirələrin yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən oldunduğu Protokolun Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə  inkişafında mühüm rol oynayacağına əminlik ifadə ediblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi