Asan Aç

Moldova ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

7 mart 2023, 17:36
A+ A-
Moldova ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri  Aleksey Buzu arasında videoformatda görüş olub.

Yeni təyinatı - Moldovanın əmək və sosial müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə A.Buzunu təbrik edən S.Babayev Azərbaycan və Moldova dövlət başçılarının birgə səyləri ilə iki ölkənin əlaqələrinin daim inkişaf etdiyini vurğulayıb. 

Azərbaycanla Moldovanın ticarət dövriyyəsində artımın davam etdiyi və keçən il də 3,8 dəfə artım olduğu, ötən dövrdə ölkələrimiz arasında 63 əməkdaşlıq sənədinin imzalandığı, bu sənədlərin əlaqələrin ildən-ilə genişlənməsində rolu diqqətə çatdırılıb. 

Keçən ilin oktyabr ayında imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun iki nazirlik arasında fəal əməkdaşlıq üçün önəmi vurğulanıb. 

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb. Bu sahələrdə xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan uğurlu təcrübə, beynəlxalq səviyyədə də qabaqcıl təcrübə kimi yüksək dəyərləndirilən DOST konsepsiyası barədə məlumat verilib. DOST təcrübəsini, eləcə də sosial islahatlar nəticəsində qazanılmış digər müsbət təcrübələri Moldova ilə də bölüşməyə hazır olduğumuz qeyd edilib. 

A.Buzu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə olmasından məmnunluğunu bildirib. Nazirliklər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və bu istiqamətdə səylər göstəriləcəyini diqqətə çatdırıb. Görüşdə iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

Moldova ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi