Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiyası ilə görüş olub

25 may 2023, 14:36
A+ A-
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiyası ilə görüş olub

Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə qiymətləndirmə missiyası DOST Agentliyində olub.

Görüşdən əvvəl nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib, DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Daha sonra keçirilən görüşdə qonaqlar üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.

Görüş zamanı “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində DOST Agentliyi tərəfindən görülən işlər, bu sahədə vətəndaşlara göstərilən xidmətlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycanda məşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və Dünya Bankının vəsaitləri hesabına işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi