Asan Aç

Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək

11 iyul 2023, 12:48
A+ A-
Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçiriləcək.

Sentyabrın 7-si və 8-də Heydər Əliyev Mərkəzində baş tutacaq konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edəcək.

Konfrans iki plenar və üç paralel iclasdan ibarət olmaqla yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirə və çıxışları ilə davam edəcək.

Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Həmçinin vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, qlobal məqsədlərin formalaşdırılması, DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsininin artırılması, müsbət və mənfi təcrübələrdən faydalanılması, DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi, eləcə də DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması konfransın əsas məqsədlərindəndir.

Əsas hədəf qrupuna dövlət qurumlarında, özəl sektor təşkilatlarında, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə çalışan, o cümlədən, ali təhsil müəssisələrində təhsil alan və çalışan şəxslər aiddir.

Konfransda iştirak üçün DOST Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://dost.gov.az/page/sep2023

Qeyd edək ki, iştirakçı sayı limitli olduğundan seçim prosedurundan uğurla keçən şəxslərə e-poçt vasitəsilə dəvət göndəriləcək. Yalnız e-poçt ilə göndərilən dəvəti təsdiqləyən şəxslər konfransda iştirak hüququ qazanacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi