Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir. Artıq nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) 116 123 nömrəsinə daxil olan zənglər Çağrı Mərkəzi 142 üzərindən qəbul edilərək cavablandırılır.
Bununla bağlı hazırlanmış Tədbirlər Planına əsasən ilkin mərhələdə işçilərin tam şəkildə DOST Agentliyinin tələblərinə uyğunluğu nəzərə alınmaqla mərhələli şəkildə işə cəlb edilməsi, eləcə də məlumat mübadiləsinin təşkili həyata keçirilib. İyunun 19-dan etibarən isə 116 123 nömrəsinə daxil olan zənglərin 142 platforması üzərindən qəbul edilməsinə başlanılıb.
Artıq 116 123 çağrı mərkəzinin məişət zorakılığı ilə bağlı 24 saat fəaliyyət göstərən xətti istisna olmaqla SXA tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul, uşaqlar, psixoloji dəstək və mənzil novbəsi ilə bağlı kanalları Çağrı Mərkəzi 142 üzərindən cavablandırılır.
Məqsəd vətəndaş müraciətlərinin cavablandırılması xidmətinin keyfiyyətinin daha da artırılması, onların müvafiq xidmətlərlə bağlı yalnız bir qısa nömrədən istifadə etməklə müraciət etmələrinə şərait yaradılmasıdır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər qurumları üzrə fəaliyyət göstərən telefon nömrələrinin də Çağrı Mərkəzi 142-yə inteqrasiyası həyata keçirilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi