Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq, sosial islahatların davam etdirilməsi, yeni sosial paketin hazırlanması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
“Böyük Qayıdış”a dair Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsinin prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Həmin şəxslərin daimi məşğulluğunun təmin edilməsi üçün onların peşə hazırlığı kurslarına cəlb edilməsinin əhəmiyyəti qeyd edilib.
Digər prioritet istiqamət kimi həmin ərazilərdə sosial infrastruktur layihələrinin həyata keçirilməsi olduğu bildirilib. Bu istiqamətdə Cəbrayılda DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Kəlbəcərdə reabilitasiya mərkəzinin və digər işğaldan azad edilmiş rayonlarda DOST filiallarının yaradılacağı diqqətə çatdırılıb.
S.Babayev Naxçıvan Muxtar Respublikasında sosial sahədə idarəçilik və xidmətlər sistemində yeniliklərin tətbiqi, sosial infrastrukturun müasir tələblərə uyğun qurulması, sosial xidmətlərin əlçatanlığının artırılması istiqamətində hədəfləri qeyd edib.
İclasda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verilib.
Bildirilib ki, əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb, əməkhaqqı fondunda 10 faiz artım qeydə alınıb.
171,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 6,8 min nəfər özünüməşğulluq proqramına, 2,8 min nəfər ödənişli ictimai işlər proqramına cəlb olunub.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə 197 mln. manat çox olmaqla 3 mlrd. 271 mln. manat, xərcləri 418 mln. manat çox olmaqla 3 mlrd. 9 mln. manat təşkil edib.
Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3,9 mlrd manat ödənilib.
Pensiyaların orta aylıq məbləğinin 18 faiz artaraq 433 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 17 faiz artaraq 466 manata çatdığı bildirilib.
İclasda sosial müdafiə və aktiv məşğulluq, ödənişli ictimai işlər proqramlarının icrası, əmək qanunvericiliyinə və digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi