Bakıda keçirilən beynəlxalq konfrans başa çatdı

8 sentyabr 2023, 17:58
A+ A-
Bakıda keçirilən beynəlxalq konfrans başa çatdı

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edən konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edib.

Konfransın ilk günündə əvvəlcə DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunan hesabat xarakterli videoçarx nümayiş olunub. Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir.

Nazir dövlət başçımızın tapşırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunduğunu, bu islahatlar üzrə ayrılan əlavə illik vəsaitin 7 milyard manata çatdığını, sosial ödənişlərdəki ciddi artımları, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması istiqamətində uğurları diqqətə çatdırıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən olduğu vurğulanıb. Bildirilib ki, DOST mərkəzlərində 159 xidmət “bir pəncərə”dən, innovativ texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir və DOST ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

2019-cu ildən bu günə qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb. DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb.

“Könüllü DOST” proqramının uğurlarından bəhs olunub. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, DOST Agentliyinin 13 beynəlxalq mükafata və sertifikata (Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı, Mükəmməllik Sertifikatları və s.) layiq görüldüyü, bir çox ölkələrin DOST təcrübəsini tətbiq etməyə maraq göstərdiyi vurğulanıb. Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurlarının təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib.

Qeyd olunub ki, DOST modelinin unikallığı, qazanılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu Konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fəxri qonaqlar qismində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.

Daha sonra “Vahid platforma konsepsiyasında idarəetmə modelləri” və “Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya” plenar iclasları baş tutub. Hər iki iclasda yerli və beynəlxalq ekspertlərin təqdimat və çıxışları olub, mövzu üzrə müzakirə və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin ikinci günü Heydər Əliyev Mərkəzində yerli və xarici nümayəndələrin iştirakı ilə 3 panel müzakirə ilə davam edib.

"Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi", "Xidmət keyfiyyətinin təmin edilməsində qiymətləndirmə alətlər" və "İR siyasəti vahid platformanın təşkilati inkişafı üçün əhəmiyyətli alət kimi" mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşüb, vahid platforma vasitəsilə sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Daha sonra konfransda iştirak edən xarici nümayəndələr 1 saylı Bakı DOST Mərkəzi və göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə təqdimatla çıxış edib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib. Konfransda iştirak edən xarici nümayəndələrə təşəkkürnamələr və əlilliyi olan şəxslərin əl işlərindən ibarət simvolik hədiyyələr təqdim edilib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə baş tutan beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi