Asan Aç

DOST Konsepsiyası MDB ölkələrinə də tanıdıldı

30 sentyabr 2023, 14:34
A+ A-
DOST Konsepsiyası MDB ölkələrinə də tanıdıldı

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 36-cı iclası keçirilib.

İclasa onlayn formatda qoşulan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirakçılarına DOST konsepsiyası barədə təqdimat edib.

Bildirilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü, bir sıra ölkələrin də DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu vurğulanıb.

DOST Agentliyinin “Könüllü DOST” proqramı barədə də məlumat verilib. Qeyd edilib ki, proqram "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir. Könüllülər mərkəzlərdə vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsinə dəstək verirlər. Proqrama indiyədək 100 minədək müraciət daxil olub, 4 minə yaxın şəxs proqramda iştirak edib.

Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Pensiya yaşına çatmış şəxslərin cəmiyyətə reinteqrasiyası, yaşlı şəxslərin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunan “Gümüşü DOST” altproqramı xüsusi maraq doğurub. 2024-cü ilin “MDB Könüllülər hərəkatı ili” elan edilməsi çərçivəsində DOST Agentliyinin bu təcrübəsinin Məşvərət Şurasının iştirakçısı olan təşkilatlarda tətbiqi ilə bağlı müzakirə aparılıb.

“Ümumrusiya əməyin mühafizəsi həftəsi” çərçivəsində Rusiyanın Soçi şəhərində keçirilən tədbirdə MDB-də əmək və sosial müdafiə sahəsində mövcud vəziyyət, 2024-cü ilin “MDB Könüllülər hərəkatı ili” elan edilməsi, eləcə də rəqəmsal platformalar üzərindən təmin olunan məşğulluğun və özünüməşğulluğun tənzimlənməsi məsələləri müzakirə edilib.

DOST Konsepsiyası MDB ölkələrinə də tanıdıldı

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi