Moldova DOST modelinin tətbiqinə hazırlaşır

17 noyabr 2023, 18:33
A+ A-
Moldova DOST modelinin tətbiqinə hazırlaşır

DOST modelinin Moldova Respublikasında da tətbiqi istiqamətində işlər aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının baş direktoru Yelena Tsıbırnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Moldova dövlət başçılarının səyləri ilə iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim inkişaf etməkdə olduğunu bildirib.

Ötən dövrdə Moldova ilə sosial sahədə də fəal əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub. Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun önəmi vurğulanıb.

İki Nazirlik arasında əməkdaşlıq istiqamətləri üzrə imzalanmış 2023-2024-cü illər üzrə Tədbirlər Planı çərçivəsində ardıcıl işlərin görüldüyü bildirilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.

Moldovanın DOST konsepsiyasının tətbiqində maraqlı olduğu və Moldovada bu konsepsiyanın tətbiqi, habelə dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması üçün  təcrübəmizin bölüşülməsi məqsədilə qeyd olunan Tədbirlər Planı üzrə müvafiq işlər aparıldığı diqqətə çatdırılıb.

Y.Tsıbırna iki qurum arasında məqsədəuyğun şəkildə həyata keçirilən əməkdaşlıqdan, aparılan fəal təcrübə mübadilələrindən məmnunluğunu ifadə edib. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Noyabrın 13-dən ölkəmizdə səfərdə olan Moldova nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində və digər  qurumlarda görüşlər keçirib, DOST mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə əhaliyə xidmətlərin göstərilməsi prosesi  ilə yaxından tanış olublar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi