“Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib

11 sentyabr 2026, 14:26
A+ A-
“Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib

DOST Agentliyi tərəfindən hazırda göstərilən 164 xidmət üzrə rəqəmsallaşma səviyyəsi 90%-ə çatıb.

Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri, eləcə də sosial sahə üzrə ekspertlər iştirak ediblər.

DOST modelinin bu istiqamətdə qabaqcıl təcrübəsinin təqdim edildiyi tədbirdə Fərid Məmmədov qeyd edib ki, Agentlik rəqəmsal sosial xidmət modelini uğurla sınaqdan keçirib.

“Hazırda 164 xidmət üzrə rəqəmsallaşma səviyyəsi 90%-ə çatıb. 56 xidmət proaktiv qaydada təqdim edilir. İl ərzində milyonlarla müraciət rəqəmsal kanallar vasitəsilə idarə olunur”, – deyə Fərid Məmmədov əlavə edib.

Müzakirələr zamanı qeyd olunub ki, rəqəmsallaşma yalnız səmərəlilik və əlçatanlıq aləti deyil, eyni zamanda ekoloji təsirin azaldılmasına və iqlim məqsədlərinə töhfə verən yanaşmadır.

“DOST modeli kağızsızlaşma, xidmətlərin mərkəzləşməsi və vətəndaş hərəkətliliyinin optimallaşdırılması vasitəsilə ekoloji yükü azaldır. Elektron sənəd dövriyyəsi resurs istehlakını aşağı saldığı kimi, 5 müxtəlif xidmət kanalı – mərkəzlər, onlayn/proaktiv xidmətlər, özünəxidmət terminalları, səyyar xidmət və DOST Çağrı Mərkəzi 142 – fiziki müraciətlərin sayını və müvafiq olaraq nəqliyyat sıxlığı ilə bağlı karbon emissiyasını azaldır”, – deyə Agentliyin İdarə Heyətinin sədri vurğulayıb.

Tədbirdə DOST Agentliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və digər tərəfdaş qurumların nümayəndələrinin təqdimatları da dinlənilib.

Yekunda sosial xidmətlər sahəsində yaşıl keçid və rəqəmsallaşma standartlarını əks etdirən tövsiyələr paketinin formalaşdırılması və DOST Agentliyinin təcrübəsinin həmin tövsiyələrə daxil edilməsi qərara alınıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi