Asan Aç

DOST Agentliyinin nümayəndə heyəti Moldovada səfərdə - FOTO

6 oktyabr 2023, 15:07
A+ A-
DOST Agentliyinin nümayəndə heyəti Moldovada səfərdə - FOTO

Azərbaycanın “DOST” mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək. Konsepsiyanın həyata keçirilməsi üçün yaradılan işçi qrupun üzvləri təcrübə mübadiləsi, vəziyyətin yerində qiymətləndirilməsi və daha effektiv kommunikasiyanın qurulması məqsədilə Moldovaya səfər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq bu istiqamətdə yaradılan işçi qrupun üzvləri Moldovaya səfər edib.

Səfərin məqsədi razılaşdırılmış əsas istiqamətlər üzrə konsepsiya sənədinin hazırlanması üçün vəziyyəti yerində qiymətləndirmək, Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq və daha effektiv kommunikasiyanın qurulması olub. 4 gün davam edən səfər çərçivəsində işçi qrupun üzvləri Moldovanın sosial təminat üzrə məsul qurumu olan Milli Sosial Sığorta Kassasının “Botanika” qəbul mərkəzi, paytaxt Kişinyovdan kənarda olan digər qəbul mərkəzləri, eləcə də Məşğulluq Agentliyi, Sosial müdafiə sisteminin islahatlar komandası, Sosial Müfəttişlik, Əmək Müfəttişliyi, Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və digər əlaqəli qurumlarla görüşlər keçirib.

Səfərin sonuncu günündə Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu işçi qrupla görüşüb. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov görüşə onlayn formatda qoşulub. Görüşdə nazir Aleksey Buzu işçi qrupun keçirdiyi görüşlər və onların ilkin müşahidələri ilə tanış olub.

Növbəti mərhələdə işçi qrup tərəfindən keçirilən görüşlər, əldə edilən məlumatlar, qurulan effektiv kommunikasiya əsasında "DOST" mərkəzləri modelinin (konsepsiyasının) Moldova Respublikasında tətbiq edilməsi üçün sənəd hazırlanacaq və qarşı tərəfə göndəriləcək.

Qeyd edək ki, bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi ilə Milli Sosial Sığorta Kassası arasında onlayn formatda təcrübə mübadiləsi, eyni zamanda işçi qrupu daxilində və moldovalı nümayəndələrin iştirakı ilə bir neçə görüş keçirilmişdi.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi